Ay ana
Ay köksü parça-parça, ay ürəyi yaralı,
Ay süsənli, sünbüllü, bənövşəli, lalalı,
“Ay Qüdrətdən səngərli, ay qüdrətdən qalalı”
Səngərlərin boş qaldı, qalaların virana,
Bizim kimi oğula bir layla de ay ana.
Gəlin qaya qan ağlar, Dəli Dağı dardadı,
Susub ceyran bulağı, Səməd Vurğun hardadı,
Tərtər suyu qan gəlir, yaman ahu zardadı,
Bu fəryad elə qopdu səs yayıldı cahana,
Bizim kimi oğula bir layla de ay ana.
Yerdən alov püskürdü, göydən gürşad ələndi,
Qəzəbindən Murovun zirvəsi silkələndi,
Günahsız cavan öldü… Torpaq qana bələndi,
Niyə bir nəfər kimi biz qalxmadıq üsyana,
Bizim kimi oğula bir layla de ay ana.
Kim deyir ki ölənlər, vədəsi çatdı, öldü,
Qızlarımız özünü qayadan atdı, öldü,
Neçə-neçə gəlinlər sularda batdı, öldü,
Yenə bizim səbrimiz niyə çatmadı sona?
Bizim kimi oğula bir layla de ay ana.
Sənə ana deməyə, haqqımız da yox bizim,
Olsun o haqqı-sayın sinəmizə ox bizim,
İldırımı, şimşəyi başımıza çax bizim,
Biz dayana bilmədik keşiyində mərdana,
Bizim kimi oğula bir layla de ay ana.
Vətən də unudulub, Vətən də atılarmı?
Vətən də yad torpağa, yad elə qatılarmı?
Vətən də alınarmı, Vətən də satılarmı?
Lənət səni satana, lənət səni alana,
Bizim kimi oğula bir layla de ay ana.
Belinə bel bağladıq, belimizi qıranın,
Qarşısında baş əydik başımızdan vuranın,
Başında baş olmadı başımızda duranın,
Nifrət belə tarixə, nifrət belə zamana,
Bizim kimi oğula bir layla de ay ana.
Bəhmən Vətənoğlu